Ordu.az “Defense One”a istinadən xəbər verir ki, şirkətin baş direktoru Cim Tayslet NGAD üçün hazırlanmış qabaqcıl texnologiyaların artıq F-35 və F-22 proqramlarına inteqrasiya ediləcəyini açıqlayıb.
2025-ci ilin ilk rüb maliyyə hesabatı toplantısında çıxış edən Tayslet bildirib: “NGAD yarışmasında etdiyimiz yatırımlar nəticəsində əldə etdiyimiz bilik və texnologiya F-35-i beşinci nəsildən daha irəli aparmaq istiqamətində qərarlılığımızı gücləndirdi. Komandama altıncı nəsil imkanlarının 80%-ni dəyərin yarısına gətirmək hədəfi qoymuşam”.
NGAD-i “Boeing” istehsal edəcək
“Lockheed Martin” rəsmiləri bildiriblər ki, Hərbi Hava Qüvvələrinin niyə məhz “Boeing”i seçdiyinə dair qapalı brifinq alıblar və qərara etiraz etməyəcəklər. Şirkət NGAD təklifində istifadə olunan texnologiyaları daxili qiymətləndirmələrə tabe tutaraq F-35 platformasını irəli aparmaq planı qurur. Tayslet bu dəyişimi “F-35 şassisi üzərində qurulmuş Ferrari”yə bənzədib.
F-35-ə gələcək yeniliklər
Təkmilləşdirilmiş F-35 modelində artırılmış “stels” qabiliyyəti, uzun mənzilli izləmə sistemləri və yeni nəsil sursatlarla təchizat nəzərdə tutulur. Lakin proqram texnoloji yeniliklərdə ciddi gecikmələr və maliyyət aşımı ilə gündəmdədir. Xüsusilə “Technology Refresh-3” (TR-3) adlı avadanlıq və proqram təminatı paketinin təhvilində yaşanan problemlər “Blok 4” yeniləmələrinin qarşısında böyük bir maneə təşkil edir. Şirkət TR-3 imkanlarının 98%-nin tamamlandığını bildirsə də, sistemin tam şəkildə nə vaxt istismara veriləcəyi hələlik məlum deyil.
Tayslet buna baxmayaraq nikbindir: “Mühəndislərimiz bu hədəfə nail oluna biləcəyinə inanmasaydılar, qəbul etməzdilər. Məqsədimiz aydındır: altıncı nəsil imkanların böyük hissəsini daha aşağı xərcə F-35-ə qazandırmaq”.
“Lockheed Martin”in mövcud durumu
Digər tərəfdən, “Lockheed Martin”in altıncı nəsil döyüş təyyarəsi layihələrində qısa müddətdə yer alma ehtimalı azdır. Şirkət yalnız NGAD-dən deyil, ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX proqramından da kənarda qalıb.
F-35-in gələcəyi də qeyri-müəyyənliklərlə doludur. Pentaqon qarşıdakı beş ilin büdcəsindən 8%-lik bir ixtisarı digər müdafiə prioritetlərinə yönəltməyi planlaşdırır, keçmiş prezident Donald Trampın müttəfiq ölkələrə yönəlik bəyanatları isə beynəlxalq satış gözləntilərini kölgəyə sala bilər.
Bütün bu inkişaflara baxmayaraq, “Lockheed Martin” F-35 istehsal tempini saxlamaqda israrlıdır. Tayslet bildirib: “ABŞ-də istehsalda gözlənilməz azalma olsa belə, beynəlxalq tələbatla bu boşluğu doldura biləcəyimizə və illik 150 ədəddən çox istehsal səviyyəsini qoruyacağımıza inanırıq”.
Sevinc Əliyeva
Ordu.az